Kəmdimiz Şindi dağının ətəyində, meşələr qoynunda səfalı bir məkandır. Kəndin güneyində Qoşa armud adlanan meşəylə örtülmüş dağ, eləcə də, Koxa Alının qoruğu, Damlar, Damların qılıcı və digər yaz-payız binə yerləri yerləşir. Ağbaba adlı təpə isə bu gün az qala dörd tərəfdən evlərlə əhatə olunub. Mənbəyi Şindi dağının ətəyindən olan Keta ( Geda) çayı kəndlə dağların arasından keçir .
Kəndin əsas məşğuliyyəti heyvandarlıq idi (elə bu gün də). Yaz açılan kimi mal-qaranı və qoyun sürülərini əvvəlcə kəndin ətrafındakı yaz binə yerlərinə aparardılar. Yayda isə kənddə havalar isti olduğundan iyun ayının əvvəllərindən ailələr həm uşaqlarını, həm də mal-qarasını dağa çıxarardı. Darvazın dağdakı yaylaq yeri Başkeçid (Dmanisi) rayonunun ərazisində, Məmişdilər kəndinin sol tərəfində, Şamdüyə dağı ilə Qırdağının arasında yerləşir. Burada kəndin bir-birindən 2 km aralı olan iki yaylaq yeri var: Ortabulaq və və ondan bir az yuxarıda Qaraarxac. O zamanlar hətta mal-qara saxlamayan ailələr də uşaqlarını yayda aranda saxlamazdı. Yaylaqlarımızdakı bulaqların dişgöynədən suyunu birnəfəsə içmək mümkün deyildi.
Dediyim kimi, kənd sakinləri əsasən maldarlıq və qismən də əkinçiliklə məşğul olurdu. Əkinçiliyə qismən ona görə deyirəm ki, kənddə suvarma suyu olmadığından əkin-biçindən yüksək məhsul götürmək olmurdu. Yağış bol olarsa məhsul olurdu. Adətən quraqlıq çox olurdu.
Kəndin içində cəmisi üç yerdə bulaq vardı ki, onların da suyu elə də bol deyildi. Ona görə suya gedən bir səhəng suyu bir saata ancaq gətirirdi.
Yayda ailə-uşağını yaylağa göndərən kişilər qış hazırlığına başlayardılar. Kişilər ot biçər, qadınlar isə biçilmiş ot zoğda quruduqdan sonra onu kiçik tayalar (bulul) şəklində yığardılar . Yeniyetmə uşaqlar onlara kömək məqsədi ilə sərin su gətirərdilər .
Avqustun sonlarında köç dağdan arana gələrdi.
…1939-cu ildə kəndin mərkəzindəki Tut ağacının yanındakı səsgücləndiricidən gələn səs kənd camaatını vahiməyə salmışdı: İkinci Dünya müharibəsi başlamışdı. Analar oğullarını gözyaşları içində müharibəyə yola salırdılar.
Mənim atam İlyas atasını erkən yaşlarında itirmişdi. Onun atası Ramazan kişi bəy nəslindən olub, Alı bəyin oğlu idi. Atasını erkən itirsə də, anası Bahar xanım onun oxuyub, təhsil alması üçün əlindən gələni etmişdi.
Çağırış gələn kimi atam və onun xalası oğlu Ənvər müəllim başqa gənclərlə birlikdə cəbhəyə - Finlandiya ilə müharibəyə yola düşüblər. Aylarla döyüş meydanında güclü düşmənə qarşı tüfənglə döyüşüblər . elə olur ki, hər ikisi bir-birindən xəbərsiz ayağından yaralanıb səyyar hospitala düşürlər.
O günləri atam belə xatırlayırdı: “Ucsuz-bucaqsız bir səhrada idik. Güclü düşmənə qarşı əlimizdə ancaq tüfəng var idi. Demək olar ki, ölümə gedirdik. Güllələr üstümüzə yağış kimi yağırdı. Nə gizlənməyə bir yer var idi, nə də özümüzü müdafiə etməyə silah-sursat .Düşmən güllələri başımıza yağış kimi yağırdı. Yaralandığımı hiss edib, əlimi paltarın altından buduma uzatdım. İsti qan əlimi islatdı. Budun yuxarı hissəsindən yaralanmışdım, nə sarğı qoya bilirdim, nə də kömək edə biləcək bir adam var idi. Hərə öz canının hayında idi. Sağ qalanlar güllə yağışı altında irəliləməyə çalışır, yaralılar isə, bəlkə, təxliyə olunarlar ümidi ilə kömək gözləyirdi.
Mən artıq get-gedə zəiflədiyimi hiss edirdim. Uzaqdan sanitarların əllərində xərək yaralıları döyüş meydanından çıxardıqlarını gördüm. Görəsən məni də çıxara biləcəklərmi? – deyə düşündüm.
Qan itirdiyimə görə, heyim qalmamışdı. Gözlərim qaralır, az qala huşumu itirirdim. Gözümü açanda sanitarların bir-birinə rus dilində “on umryot na daroqe. Davay, poişim kto yest jivoy”, - dediyini eşitdim. Onlar mənim onsuz da öləcəyimi düşünüb, başqasını axtarmağa getmək istəyirdilər. Mən son gücümü toplayıb səsləndim: “Zaberite menya, a to strelyat budu”. Bunlar mənim danışdığımı görüb yanıma qayıtdılar, məni götürüb təxliyə etdilər”.
Onu da deyim ki, atam rus dilində yaxşı danışırdı. Bununla da atam ölümdən qurtulur.
Atam sağ qaldığına görə, hospitalda çalışan bir tibb bacısına minnətdar olduğunu deyirdi.
Atam çox yaraşıqlı idi. Uca boyu vardı, nazik bığları bir Qafqazlı kimi ona çox yaraşırdı. O, tibb bacısı başıma firlanırdı, deyirdi atam. Bütün günü yemək verir, sarğımı təzələyir, bir dəqiqə yanımdan aralanmırdı. Artıq atam yavaş-yavaş özünə gəlsə də, yarası çirk elədiyi üçün qızdırması çox yüksək olur. Ona ayağının kəsiləcəyini bildirirlər . deyirlər ki, ayağın kəsilməsə, sən ölə bilərsən.
O da, - qətiyyətlə sağ qalacamsa, ayaqlarım yerində olmalıdır . Əks təqdirdə mən yaşamaq istəmirəm, - deyir. Məcbur qalıb, hər gün yaranı yuyur, əməliyyat edib gülləni çıxarırlar. Gənc orqanizm qalib gəlir, atam yavaş-yavaş sağalmağa başlayır.
Bir gün sarğı otağında tibb bacısı qonşu otaqda bir Qafqazlı olduğunu deyir. Atam xahiş edir ki, onu ora aparsın. Gedəndə həmin oğlanın xalası oğlu Ənvər olduğunu görür. Danışırdı ki, sevincdən ikimiz də ağladıq. Amma bildim ki, Ənvərin ayağını artıq kəsiblər. Dedim, fikir etmə, əsas odur ki, sağıq.
Sonralar Ənvər müəllim sağalandan sonra doğma kəndimizə qayıdıb məktəbdə coğrafiya fənnini tədris etməyə başladı. Ayağına protez düzəltdirdi. O, çox qoçaq, işgüzar, bacarıqlı və həm də savadlı idi.
Səhər saat 6-dan durub məktəbdə dərs başlayana qədər və dərsdən gələndən sonra gününü bağçasında keçirərdi. Arı saxlayırdı. Bağı elə bil Nəbatat bağı idi. Hara getsə, orada olan nadir bitkilərin toxumlarından həyətində əkərdi.
Ənvər müəllim həm də gündəlik yazırdı. Kənddə, dünyada olan vacib məlumatları, həmin gün havanın necə keçməsini və nadir təbiət hadisələrini qeyd edirdi. Bütün bitkilərin müalicəvi xarakterini çox gözəl bilirdi. Kənddə hamının hörmətini qazanmışdı . 94 il ömür sürüb, 2013-cü ildə dünyasını dəyişdi.
Atam isə hospitalda müalicə olunduqdan sonra yenidən cəbhəyə - döyüş meydanına qayıtmış, müharibənin axırına qədər rəşadətlə vuruşaraq orden və medallarla təltif olunmuşdu.
Atamla birlikdə, demək olar ki, kənddə bir başıpapaqlı qalmamışdı. Hamısını müharibəyə aparmışdılar. Təəssüflər olsun ki, onların çoxu qayıtmadı. Neçə ana oğulsuz , neçə-neçə gəlinlər dul qaldı.
Belə gənclərdən biri də atamın xalası oğlu Ənvərin qardaşı böyük qardaşı Cəlal idi. O, həmin vaxtlar rayon mərkəzində məsul vəzifədə işləsə də, 1941-ci ilin iyun ayında müharibə başlayının sonrakı günü könüllü şəkildə cəbhəyə yola düşüb. Zabitlik məktəbini bitirdikdən sonar əvvəlcə Krım cəbhəsində, sonralar 1942-ci ildə Qəbr cəbhəsində döyüşərək şərəfli döyüş yolu keçib. Bir neçə orden və medallarla təltif olunub. 1943-cü ilin payızında qəhrəmancasına həlak olub.
Əmim Yunis və Suleyman əmi də müharibədə iştirak edərək orden və medallarla təltif olunublar. Suleyman əmi Mozdokdan Berlinədək döyüş yolu keçib.
Atam müharibə bitdikdən sonra kəndə qayıdıb pedaqoji fəaliyyətini davam etdirib. Məktəb direktorunun müavini vəzifəsində çalısıb. Dəfələrlə kənd sovetinin deputatı seçilib, kənd sovetinin sədri vəzifəsində çalışıb.
Kənddə ilk rabitə qovşağının açılmasına nail olub, poçt şöbəsinin rəisi vəzifəsində çalışıb.
Müharibədən qayıdandan sonra yara yerindən axıntı olduğu üşün atam tez-tez kənd ambulatoriyasına yarasını sarıtmağa gedir. Yara yerindən gülləni çıxaranda bir qəlpəni götürə bilməmişdilər. Qəlpə arteriyanın üstündə idi. Bu səbəbdən çıxarmaq riskli idi. Ona görə də yaradan vaxtaşırı maye ifraz olunurdu.
Atam sarğıya gedəndə ambulatoriyada işləyən kiçikboylu, ağbəniz, iki uzun qara hörükləri ağ xalatdan aşağı düşən Nənəxanım Binnət qızından xoşu gəlir.
Yaranın yeri quruyanda Nənəxanım ona, - daha gəlmə, yaran yaxşıdır, - deyib. O da zarafatla, - bura gəlməyimi istəmirsən, sən bizə gəl, - deyib. Anam ona - mənim sizdə nə işim var, - deyib. Atam isə ona evlilik təklif edib və deyib ki, mən bura ona görə tez-tez gəlirdim.
Beləcə, evlənib, gözəl, xoşbəxt ailə sahibi olublar . Oğlan olsun deyə, 10 uşaqları olur: 7 qız, 3 oğlan. Böyük oğlan 1 yaşı olanda tələf olur. İki qız əkizlər, sonuncular olanda mənim 5-6 yaşım olardı, 40-ları çıxmamış öldülər.
Mən atamla həmişə fəxr ermişəm. Müdrik el ağsaqqalı idi. Xalqını çox sevirdi. İnsanların rifahı üçün əlindən gələni etməyə çalışırdı. Xalq onu sevir, onun hörmətini saxlayırdı. Bir sözünü iki etməzdilər. İki dalaşan olanda, evə çağırar, onlarla elə söhbət aparardı ki, barışıb gedərdilər.
Məhlədə ancaq bizim həyətdə fırnı (kürə) var idi. Çörək bişirmək üçün qonşular öncədən nobat (növbə) tutardılar . Qapımız həmişə qonaq-qaralı olardı. Hürnisə nənə, Gülsəfa, Cənnət, Müsəmbər həmişə həyətdə oturub söhbət edərdilər. O qədər yaxınlıq var idi, sanki öz evlərində idilər. Geniş həyətimiz həmişə səs-küylü olardı. Amma atamın öskürək səsini eşidən kimi, hamı özünü yığışdırardı.
Atam həmişə həyətə yaxınlaşanda bərkdən öskürərdi ki, qəfil gəlişindən kimsə narahat olmasın. Bir gün yenə hamı fırnının qabağında oturmuşdu. Birdən atamın öskürək səsi gəldi. Gülsəfa tez ayağa qalxıb, İlyas gəldi, mən evə qaçım, dedi. O biriləri dedilər ki, niyə gedirsən. O, nə vaxt bizə narazılıq edib. Əksinə, bir gün görməyəndə deyir hardasınız, niyə gəlmirsiniz. O isə cavabında dedi ki, ayağıma corab geyinməmişəm, ona görə gedirəm. Əsl Azərbaycanlı qadınları idilər . Uzun qırçınlı ətək və kofta geyinərdilər.
Gülsəfa ananın evi ilə bizim evin arasında Mehdi kişi ilə Omar kişigilə gedən bir maşın yolu var idi. Bizim ev ikimərtəbəli idi. Mən anadan olan il tikilmişdi. Gülsəfagil isə qara damda yaşayrıdılar.
Bir Moruq ana var idi, atama İlyas ağa deyə müraət edərdi.
Atamla həmişə fəxr etmişəm. İdealım, qürur mənbəyim olub. Həmişə kasıblara əl tutub.
O, 1997-ci ilin mart ayında vəfat etdi. Atamdan 6 ay sonra böyük qardaşım Rizvan da rəhmətə getdi.
Bu da mənim atam və ailəm haqqında xatirələrim. Allah dünyasını dəyişənlərimizin hamısına rəhmət eləsin!
Əsli Əliyeva




