Bir rəvayətdə deyilir ki, dirilik suyu içmək üçün qaranlıq dünyaya getmiş Xıdır Nəbi, yəni Xızır peyğəmbər məhz həmin adna axşamı geri – işıqlı dünyaya çıxmışdır. Belə bir fikir də diqqəti çəkir ki, bu gündən sonra məlum dörd çərşənbənin birincisi – yel çərşənbəsi gəlir. Və bu ərəfədə külək əsəndə deyirlər ki, “Xıdırnəbi yeli” əsir. Üstəlik deyirlər ki, Xıdırnəbilikdən sonra torpağa nəfəs verilir, yəni təbiətdə canlanma başlayır. Başqa bir rəvayət isə ondan ibarətdir ki, ilin bu dövrü – yəni fevralın 15-i alban kilsəsinə görə, yeni ilin başlanğıcıdır. İslam dini qəbul edildikdən sonra isə bu bayram “yeni il bayramı” statusunu itirib, sadəcə peyğəmbərlərdən birinin adını daşıyaraq islamlaşmışdır.
Sovet dövründə müxtəlif qadağalara baxmayaraq, bu bayram qorunub saxlanmışdır. Bayram günü kəsiləcək qurbanlar hələ payızın son aylarından bordansa da, əsl hazırlıq bayrama 10 gün qalmış başlanır. Hər evdə sacın üstə buğda qovrulur ki, buna da qovurğa deyilir. Qovrulmuş buğda dəyirmanda üyüdülür. Burada yeri gəlmişkən onu da deyim ki, əvvəllər kənddə bir neçə dəyirman olduğundan, əhali bu baxımdan əziyyət çəkməyib. Ancaq XX əsrin 70-ci illərindən sonra kənddəki dəyirmanlar işləmədiyindən qovurğanı üyüdüb qoyut unu əldə etmək üçün darvazlılar çox əziyyət çəkməli olurdu. Ya Ayortanın, ya Kveşi kəndinin, bəzən hətta Gəyliyənin dəyirmanına gedirdilər. Bu proses ötən əsrin 90-cı illərinədək beləcə davam etdi. Sonra Yəhya Çobanov öz evində elektrik enerjisi ilə işləyən dəyirman düzəltdi və heç kəsdən də haqq almadan Xıdırnəbilik qovurğasını üyütdü, təxminən 30 ilə yaxın bir müddətdə hər il Xıdırnəbilik bayramı ərəfəsində bütün darvazlılara beləcə təmənnasız xidmət etdi.
Bayram günü qurbanlar kəsilir. Adətən qurbanlıq kimi toğlu, qoç kəsilir. Bəzən dana kəsənlər də olur. Xıdırnəbi bayramında ev quşlarından (toyuq və qaz) da qurban kəsilir. Qurbanı adətən molla, yaxud əməlisaleh adam kəsməlidir.
Qurban kəsdirdikdən sonra istəyən mollanı evə dəvət edib dünyadan köçənlərinin ruhuna “Yasin” oxutdurur.
Qadınlar pambıqdan 10-15 sm uzunluqda fitillər düzəldirlər ki, bu da “şam” adlanır. Sonra sapılcada (tavada) mumu əridərək bu şamları mumlayırlar. Şamlar müxtəlif sayda, əsasən belə düzəldilir: Xıdırnəbinin adına (bu, ən böyük şam olur); evin böyüyünün adına (bu da böyük olur); ailə üzvlərinin hərəsinin adına; bəzən istəkli qohumların adına; evin binası adına; mal-heyvanın adına; həyət-bacanın adına; at, maşın və s. varsa, onun adına, bağçada olan ağacların adına və s.və i.a.
Ailə yatmağa hazırlaşanda bayramın ən əsas ayini icra edilir. Bir siniyə qoyut unu ələnir. Sini peşqunun üstünə qoyulur. Sininin yanına bir dolça su və güzgü (bəzi kəndlərdə daraq, qayçı, və yeddi dənə arpa dəni və s. də əlavə olunur) qoyulur. Hazırlanmış şamlar isə yatmazdan əvvəl ya sininin, ya da peşqunun kənarına bərkidilir (bir ucu qızdırılaraq yapışdırılır) və sonra bir-bir yandırılır.
İnanclara görə, gecə Xıdırnəbi gəlib qoyutda bir iz qoyarsa (əl izi, nal izi, təsbeh izi və s.), o ailənin niyyətləri qəbul olur. Bir çoxları qoyuduna iz qoyulduğu barədə bu gün də həvəslə danışır. Həqiqəti bilən isə bir Allahdır.
Bayram günü günortadan sonra evdə mürəkkəblə yazı yazmaq olmazdı. Ona görə də həmin gün analarımız dönə-dönə tapşırardı ki, günortadan gün dönməmiş dərslərinizi oxuyun, ev tapşırıqlarınızı yazın ki, axşam yazı yazmaq olmaz. Bayram axşamının səhərisi isə qoyut bişirilərdi. Qoyut bişirmək üçün tavada bir qədər yağ əridilir, yağ dağ olandan (tam əridikdən) sonra üzərinə su və şirin olsun deyə həm də şəkər əlavə edib ona da qoyut unu qarışdırılır. Artıq bişmiş qoyutu qurut kimi yumrulayıb bir neçə tikə ətlə birlikdə yaxın qonşulara verər, evdə özləri də yeyərdilər.
Qoyut isti-isti yedikdə daha dadlı olur.
Xıdırnəbi bayramı ərəfəsində doğulan oğlan uşaqlarının adını da çox zaman Xıdırnəbi qoyardılar.
Bu gün Bakıda və digər yerlərdə yaşayan darvazlılar bu bayram ənənəsini qoruyub saxlayırlar.
Mənbə: Musa Nəbioğlu. DARVAZ. "Bakı Mətbəəsi ASC", Bakı, 2023.