Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Məktəb

 

DARVAZ ORTA MƏKTƏBİNİN

TARİXİ HAQQINDA 

 

Darvaz orta məktəbi haqqında burada verdiyimiz məlu­matlar XX əsrin əvvəllərinə aid rəsmi məlumatlara və  bir də vaxtilə Nəbizadə Məhəmməd müəllimdən aldığım bilgi­lərə əsaslanır. Belə ki, hələ Darvaz orta məktəbində müəllim işləyərkən – 1987-ci il fevralın 17-də Nəbi­za­də Məhəm­məd müəllimlə söhbət edib, Darvaz orta məktəbi və kənddə kolxozun tarixi, mək­təb direktorları və kolxoz sədrləri ilə bağlı ondan müəyyən məlu­mat­lar almışdım (onunla söhbət zamanı dəftərçəmə etdiyim qeydlər bu gün də durur). Allah o kişiyə rəhmət eləsin, o qeydlər bu gün karı­ma gəlir. Kənddə başqa kimsədən bundan artığını öyrənə bilmədim. Bəzən söhbət etdiyim elə kolxoz sədri oldu ki, nə özündən əvvəl, nə də özündən sonra kimin sədr olduğunu xatırlaya bilmədi. Eləcə də, məktəb direktorları haqqında başqa kimsədən tutarlı məlumat əldə edə bilmədim.

 

M.Nəbizadənin dediyinə görə, 1918-ci ildə Darvazda ruhani mək­təbi açılıb və burada dərs deyən ilk müəllim Faxralıdan Mol­la Əli olub. Əmrulla Paşayev, Novruz Bayramov və Gül­na­rə Qocayeva-Məmmədovanın 2012-ci ildə Tbilisidə nəşr olunmuş “Gür­cüstanda Azərbaycan məktəbləri” kitabında da 1919-cu ildə Darvazda məktəb olduğu qeyd olunur: “1919-1920-ci tədris ilində Borçalı qəzasında 13 Azərbaycan məktəbi fəaliy­yət göstərmişdir: Qızıl­hacılı, Sarvan, Arıxlı, Sadaxlı, Tecis, Bolnis-Kəpənəkçi, Qaça­ğan, Saraçlı, Aşağı Saral, Fax­ralı, Darvaz, Kürtlər, Kosalı. Bun­lardan ilk beşi çar Rusiyası dövründə yara­dılmışdı, qalan səkkizi isə həmin il qəza yerli idarə məc­lisi tərəfindən açılmışdı. Bütün məktəblər bir komplektli idi.[1]

 

Borçalı qəzasındakı Azərbaycan məktəbləri haqqında 1920-ci ilin əvvəllərinə dair rəsmi arxiv mate­rial­la­rın­da da göstərilir ki, həmin vaxt Darvaz məktəbində 18 şagird olub, müəllim isə Molla Alı Alızadənin olduğu gös­tə­rilir (Dar­vaz­da Alızadə yaxud Əlizadə soyadı olmadığından, bu adamın M.Nəbizadənin də dediyi kimi, Faxralıdan olan Əli Əlizadə oldu­ğunu düşünürük). 1921-ci ildən Darvazda açılan məktəbdə Mü­seyib Güləhməd­zadə dərs deməyə başlayıb. Burada onu da qeyd etmək lazımdır ki, Darvazda məktəbin açılması ilə bağlı M.Nəbizadənin dedikləri arxiv materiallarında da əsasən öz təsdiqini tapır. 

 

Pedaqoji elmlər doktoru, professor Novruz Bayramovun Gür­cüstanın dövlət arxivlərində qorunub saxlanılan sənəd­lər əsasında yazıb 2009-cu ildə Tbilisidə nəşr etdirdiyi “Gürcüs­tanda Azər­baycan məktəblərinin tarixi (1921-1940-cı illər)” kitabında qeyd olunur ki, “İnqilabdan əvvəl (Gürcüstanda sovet hakimiyyətinin qurulmasından əvvəl – M.N.) Borçalıda cəmi 30 Azərbaycan məktəbi var idi”.

 

 “1921-ci ilin sentyabrında Borçalı qəzasında aşağıdakı ibtidai məktəblər açılmışdı: Yekaterinenfeld (sonralar Lük­semburq, hazırda isə Bolnisi – M.N.) rayonu – Arıxlı, Faxralı, Darvaz, Həsənxocalı.” Buradan isə belə, görünür ki, Darvazda məktəb 1921-ci ildə açılıb. Amma bizə elə gəlir ki, birinci fakt – Darvazda məktəbin 1919-cu ildə açılması faktı daha doğrudur, 1921-ci ildə isə ola bilsin artıq Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra məktəb yenidən təşkil olunub. Ola da bilsin ki, 1921-ci ilədək, M.Nəbi­zadənin də dediyi kimi, dini məktəb olub (1918 yaxud 1919-da yaradılmış), 1921-ci ildə isə yeni üsulla tədrisə keçilib. Hər halda, məktəbin tarixini 1919-cu ildən götürmək lazımdır.

 

Həmin kitabda o da qeyd olunur ki, 1921/1922-ci tədris ilində Gürcüstan SSR-də 1822 ümumtəhsil məktəbində 202.289 şagird oxuyub. Həmin tədris ilində Darvaz məktəbində 33 şagird təhsil alıb[2].

 

1924/1925-ci tədris ilində məktəblərə dair Gürcüstanın dövlət arxivində saxlanılan statistik məlumatlar blankında Darvaz məktəbi haqqında aşağıdakı qeydlər var: məktəb dördillikdir, 1921-ci ildə yaradılıb, tam komplektləşməyib, türk məktəbidir. Məktəbdə 3 qrup var, dərslər oktyabrın 1-də başlayıb, mayın 31-də qurtarır, təhsil üçün haqq ödənilmir, məktəbəqədər müəssisə yoxdur. Məktəbdə 1 May bayramı münasibəti ilə konsert keçirilib, 9 dəfə ekskursiya təşkil olunub. Məktəb “Yeni fikir” (sonralar “Sovet Gürcüstanı” adı ilə çıxıb, hazırda “Gürcüstan” adı ilə nəşrini davam etdirir – M.N.) qə­zeti alır, jurnal almır. Məktəbin torpaq sahəsi yoxdur. (bax: şəkil 1)

 

Həmin məlumatda eyni zamanda qeyd olunur ki, müəllim­lərin maaşı Xalq Maarif Komissarlığı tərəfindən (360 rubl) verilir, təsərrüfat xərci (160 rubl) isə qəza İcraiyyə Komitəsi tərəfindən ödənilir. Məktəb  məxsusi olaraq məktəb üçün tikil­miş ictimai binada yerləşir, birmərtəbəli və ikiotaqlıdır, daş­dan hörülüb, orta təmirə ehtiyacı var. Tədris ilinin əvvəlində məktəbdə 42 (40 oğlan, 2 qız) şagird olub.

 

O vaxtlar məktəblərlə yanaşı, savadsızlığı ləğvetmə kursları da yaradılırdı. 1925-ci ildə Borçalıda 20 savad­sız­lığı ləğvetmə kursu var idisə, 1927-ci ildə Borçalı qəzasında 109 savadsızlığı ləğvetmə məktəbi və 6 savadlılar məktəbi açılmışdı.[3] Həmin ildə Darvazdakı savadsızlığı ləğvetmə kursunda 23 nəfər oxuyurdu.

 

 

Şəkil 1.  

 

1931-ci ildə Tiflisdə rus dilində nəşr olunan “Zarya Vostoka” qəzeti yazırdı: “Darvaz kən­dində azərbaycanlı qadınlar tərəfindən savadsızlığın ləğv olun­ma­sına həvəs güclüdür, lakin azərbaycanlı müəllimlər yoxdur. Kəndə iki azərbaycanlı müəllim göndərmək, yerli azərbaycanlı qızlardan fəalları isə payızda pedaqoji texnikuma göndərmək lazımdır”.[4]

 

N.Bayramovun yuxarıda adıçəkilən kitabında Gürcüstanın dövlət arxivindəki sənədlərə istinadən 1921-ci ildə Borçalı qəza­sı­nın ibtidai məktəblərində çalışan müəllimlər arasında Dar­vazda Əlləz Yusif oğlunun adı qeyd olunur[5]. Qeyd edək ki, Əlləz Yusif oğ­lu – Aşırov Bilalın atası, Aşırov Cəmil müəllimin baba­sıdır.

 

Eyni zamanda qeyd olunur ki, 1921-ci ildə Darvaz mək­təbinin müdiri Müseyib Güləhməd oğlu olub. Yenə həmin kitabda qeyd olunur ki, 1923-cü ildə Borçalı qəzasında 35 azərbaycanlı müəllim var idi. Həmin siyahıda isə Müseyib Güləhməd oğlunun (Güləhmədzadənin) adı aşağı təhsil­lilər sırasında çəkilir.

 

1928/1929-cu dərs ilində Borçalı qəzasında 209 nəfər müəllim işləyib ki, onlardan da 76 nəfəri azərbaycanlı olub. Həmin siyahıda da Darvazdan ancaq Müseyib Güləh­mə­dovun (Güləhmədzadənin)  adı çəkilir, 27 yaşı olduğu və 1923-cü ildən çalışdığı qeyd olunur. [6]

 

1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurulduq­dan sonra Müseyib Güləhmədzadə təkmilləşmə kursuna göndərilib və kursu başa vurub Darvaza qayıtdıqdan sonra yeni qaydada ana dilində dərs keçməyə başlayıb. 1923-1925-ci illərdə yeni ibtidai məktəbin müdiri də məhz Müseyib Güləhmədzadə olub.  

 

1930/1931-ci tədris ilində ibtidai məktəbin bazasında 7-illik məktəb yaradılıb və elə 1931-ci ildə texnikumu bitirən Mura­dov Mədəd məktəbin direktoru vəzifəsinə təyin olunub.

 

1933/1934-cü tədris ilində məktəbin direktoru vəzifə­sində Aşırov Cəlal Əhməd oğlu çalışıb.

 

1934-1935-ci illərdə Azərbaycandan gəlmiş Əlimürsəl müəllim direktor, Nəbizadə Məhəmməd isə dərs hissə müdiri olub. 

 

1936-cı ildən 1938-ci ilin yanvarınadək əslən Şuşadan olan ədəbiyyat müəllimi Şamil İmamzadə məktəbə rəhbərlik edib, 1938-ci ilin yanvarından 1939-cu ilədək isə Tiflisdən gəlmiş Əli Əliyev məktəb direktoru vəzifəsində çalışıb.

 

1939-cu ildə Darvazda yeni, o dövrdə bəlkə də rayonun kəndləri arasında ən böyük məktəb binası tikilib istifadəyə verilir. (Yeri gəlmişkən qeyd edək ki, vaxtilə Gürcüstanda məşhur olan Darvaz orta məktəbinin qızıl dövrü bu bina­nın divarları arasında olub, məktəbin ən məşhur məzunları bu binada oxuyub. Hazırkı məktəb binası isə 1985-ci ilin noyabrında istifadəyə verilib) 1940-cı ildə kənddə orta mək­təb yaradılıb və məktəbin direktoru vəzifəsinə Darvaz or­ta məktəbinin tarixinə adı qızıl hərflərlə yazılmış Mura­dov Mədəd təyin olunub. Dərs hissə müdiri isə Məhəmməd Nəbi­zadə olub. 1941-ci ilin yanvarında isə məktəb direktoru vəzifəsinə Nəbizadə Məhəmməd təyin olunub və 1948-ci ilədək bu vəzifədə çalışıb. (Şəkildə: Nəbizadə Məhəmməd və Muradov Mədəd)

 

1948/1949-cu tədris ilində məktəbin direktoru Məhyəd­din Sultanov, 1949/1950-ci tədris ilində Əmir Abdinov, 1951-ci ildə isə Şamil Quliyev (M.Nəbizadə dərs hissə müdiri) olub. Bu direktorların üçü də darvazlı deyil, Ş.Quliyev Tiflisdən olub.

 

1952-1953-cü illərdə məktəb direktoru vəzifəsində çox savadlı riyaziyyat müəllimi kimi bütün Borçalıda məşhur olan Nəbizadə Məlik müəllim çalışıb. 1953-cü ildə isə yenidən Mədəd Muradov Darvaz orta məktəbinin direktoru vəzifəsinə irəli çəkilib və 1960-cı ilədək məktəbə rəhbərlik edib.

 

1960-1962-ci illərdə Darvaz orta məktəbinin direktoru Novruz Nəbiyev, 1962-1971-ci illərdə Hacıməmməd Hacıyev, 1971-1981-ci illərdə Alı Orduxanov, 1981-1984-cü illərdə yenidən Hacıməmməd Hacıyev, 1984-1986-cı illərdə isə yenə Alı Orduxanov olub.  Bu illərdə yuxarı siniflər üzrə dərs hissə müdiri Cəmil Aşırov, aşağı siniflərdə isə Vəkil Namazov olub.

 

1986-cı ilin avqustunda məktəb direktoru vəzifəsinə Müseyib Qəmbərov, yuxarı siniflər üzrə dərs hissə müdiri isə Vəli Abbasov təyin olunub. 1984-cü ildən aşağı siniflər üzrə dərs hissə müdiri Hacıyev Novruz, sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini isə Namazov Vəkil olub. 1989-cu ildə V.Abbasov Bakıya köçəndən sonra isə Novruz Hacıyev yuxarı siniflər, Arif Məmmədov isə aşağı siniflər üzrə dərs hissə müdiri vəzifəsinə keçib. M.Qəmbərov 1992-ci ilədək bu vəzifədə çalışıb, o, kənd soveti sədri vəzifəsinə keçəndən sonra isə məktəb direktoru vəzifəsinə Süleyman Orucov təyin olunub.

 

1994-1997-ci illərdə məktəbin direktoru İlyas Məmmədov, 1997-2000-ci illərdə isə Hacıməmməd Hacıyev olub. 2000-ci ildə yenidən məktəbin direktoru vəzifəsinə Müseyib Qəmbərov təyin olunub və hazırda da məktəbə rəhbərlik edir. Dərs hissə müdiri isə Raqif Əhmədovdur.

 

***

 

Darvaz orta məkətbinin məzunları həmişə əsasən riyaziyyat fənnindən daha güclü olublar ki, bu da təbii ki, bu fənni tədris edən müəllimlərin sayəsində olub. Onlardan Əbdül Bayramov haqda bu kitabda ayrıca yazı var. Eyni zamanda Hüseyn Məmmədov, Məlik Nəbizadə Kamal Musayev kimi riyaziyyat müəllimlərini də bu gün minnətdarlıqla anır və barələrində daha geniş yazılar yazmağı özümüzə borc bilirik.

 

Darvaz orta məktəbinin ilk məzunları məktəbi 1942-ci ildə bitirmiş Məlik Nəbizadə, Zaman Musayev, Namaz Məmmədov (Pənəhlidəndir) və digərləri olub.

 

1944-cü ildəki ikinci buraxılışda isə məktəbi Alı Ordu­xa­nov, Ənvər Allahverdiyev, Ziyəddin Bayramov, Süley­man Salmanov, Xanəhməd Osmanov və b. bitirib.

 

Yeri gəlmişkən bir şeyi də qeyd edək ki, 1963-cü ildən bu günədək Darvaz orta məktəbinin bütün məzunlarının tam və dəqiq siyahısı əlimizdədir və bu siyahı ilə Darvaz.com saytında tanış olmaq mümkündür.

 

Darvaz məktəbinin məzunlarından aşağıda adları qeyd olunanlar kənddə ilk olaraq təhsillərini davam etdirərək  müəllim kimi fəaliyyət göstəriblər:

 

Tiflis Türk Pedaqoji Texnikumunda – Cəmil Aşırov (sonradan ali təhsil də alıb), Abuzər Abdullayev, Xası Əliyev, Həmid Qəmbərov (İkinci dünya müharibəsində cəbhədən qayıtmayıb), Nəsib Şabanov (İkinci dünya müharibəsində cəbhədən qayıtmayıb), Rüstəm Hüsey­nov, Məhər Nəbizadə, Oruc Gülməmmədov (İkinci dünya müharibəsində cəbhədən qayıtmayıb), Ənvər Aşırov, İlyas Əliyev və Müqzər Abdullayev (İkinci dünya müharibəsində cəbhədən qayıtmayıb).

 

Başkeçid Türk Pedaqoji Texnikumunda – Hacı (İkinci dünya müharibəsində cəbhədən qayıtmayıb) və Mürsəl Gülməmmədovlar, Hacı Nəbiyev, Nəbi Çobanov və Hacı­məmməd Hacıyev (Nəbi Çobanov və Hacıməmməd Hacıyev sonradan ali təhsil də alıblar).  

 

Borçalı Türk Pedaqoji Texnikumunda (Sarvanda – in­di­ki Marneulidə fəaliyyət göstərib) Ələddin Allahverdiyev (İkinci dünya müharibəsində cəbhədən qayıtmayıb), Zi­yəddin Əfəndiyev (İkinci dünya müharibəsində cəbhədən qayıtmayıb), Əbdürrəh­man Nəbiyev, Mürsəl Bay­ramov, Bayram Bayramov, Müsəlli Nuriyev, Mürtəzə Nuri­yev, İsma­yıl Hacıyev, Osman Qəmbərov, Yəhya Çoba­nov (sonralar ali təhsil də alıb) və başqaları.

 

Tiflis İkiillik Müəllimlər İnstitutunda: Ənvər Allah­ver­diyev, Ənvər Aşırov, Rüstəm Hüseynov, Məhəmməd Şabanov, Nəbi Çobanov, İlyas Əliyev və b.

 

Qeyd etmək lazımdır ki, Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra bu respublikada Azərbaycan dilində fəaliy­­yət göstərən dörd pedaqoji texnikum olub. Hər dördünün də adında Türk sözü olub. Məs: Tiflis Türk Peda­qoji Texnikumu. Bunlardan üçünün adını yuxarıda qeyd etdik, dördüncüsü isə o vaxtlar məhsəti türklərinin yaşadığı Adıgün rayonunda olub. Sonradan bu texnikum­­­ları bir-bir bağlayıblar. Ən sonda bağlanan isə Marneuli­dəki texnikum olub. Bu texnikum ötən əsrin 60-cı illərinə qədər fəaliyyət göstərib.

 

Darvaz orta məktəbinin medalçı məzunları. Darvaz orta məktəbini ilk dəfə medalla bitirən məktəbin 1963-cü il məzunu Çobanov Səməd Nəbi oğlu (gümüş medal) olub. 1967-ci ildə isə dörd nəfər medala layiq görülüb: Aşırov Çingiz Cəmil oğlu Aşırov Həsənəli Ramazan oğlu qızıl, Aşırov Ramiz Allahyar oğlu Ləzgiyev Nizami Yusif oğlu isə gümüş medalla bitiriblər məktəbi. Ovçuyev Vilayət Vəkil oğlu (qızıl medal, 1970), Dəmirli kəndindən olan Yusifov Şakir Şıxı oğlu (qızıl medal,1976-da), Əhmədov Arzuman Cümşüd oğlu Əhmə­dov Əhliman Cümşüd oğlu da (hər ikisi gümüş medal, 1990) məktəbi medalla bitiriblər.

 

  

P.S. Darvaz orta məktəbinin tarixinə dair təqdim etdiyim məlumatların yazılmasında, yuxarıda da qeyd etdiyim kimi, Nəbizadə Məhəmməd müəllimdən vaxtilə aldığım bilgilər mühüm rol oynayıb. M.Nəbizadənin xatirəsini böyük ehtiramla anaraq, onu da qeyd edim ki, bu məktəbin tarixində onun özünün də böyük rolu olub – müxtəlif vaxtlarda bir neçə dəfə məktəbə rəhbərlik edib, dərs hissə müdiri kimi fəaliyyət göstərib. Eyni zamanda kənddə kolxoz sədri kimi də çalışıb. Bu kitab üzərində son hazırlıq işləri ərəfəsində Məhəmməd müəllimin oğlu, təkcə Borçalıda yox, həm də Azərbaycanda tanınmış həkimlərdən biri olan Zakir Nəbizadə ilə görüşərkən Darvaz orta məktəbinin tarixi ilə bağlı vaxtilə onun atasından zəngin məlumatlar əldə etdiyimi dedim. Sağ olsun, Zakir Nəbizadə də bu işdə öz köməyini əsirgəmədi – onda məktəb və müəllimlərlə bağlı atasından yadigar qalmış çox qiymətli tarixi şəkillər olduğunu dedi və söz verdiyi kimi, həmin şəkilləri mənə çatdırdı. Yeri gəlmişkən, onu da deyim ki, Darvaz orta məktəbinin tarixinə adı qızıl hərflərlə yazılmış Muradov Mədəd müəllimin şəklini də ondan əldə edə bildim ki, buna görə də ayrıca təşəkkür edirəm.

 

Mənbə: Musa Nəbioğlu (Musa Nəbi oğlu Çobanov). Darvaz.     Bakı, “Bakı Mətbəəsi” ASC, 2023. 520 səh.

 

 

 Aşağıda Həmin şəkillərdən bəzilərini oxuculara təqdim edirəm.  

 

 

Darvaz orta məkətinin unudulmaz müəllimləri. Şəkildə soldan: oturanlar –  Məhəmməd Nəbizadə və Hacıməmməd Hacıyev, ayaqüstə duranlar: Allahyar Aşırov, Ənvər Allahverdiyev, Ramazan Aşırov və Vəkil Namazov. Allah hamısına rəhmət eləsin

 

 

 

 

 Şəkilin arxasında belə bir qeyd var: “1950-ci il noyab­rın 13-də Məşkür VIII sinifdə olan zaman çəkilib”. 

Şəkildə öndə: Məhəmməd Nəbizadə və Şamil Quliyev (Tiflisdən olub – red.), arxada Məşkür Nəbizadə.


 

 

 

Şəkil 1950-ci il noyabrın 10-da səkkizinci sinif şaigrdləri ilə  çəkilib. Orta sırada oturan müəllimlərdən isə yalnız şəkilə baxanda soldan birincini tanımadım, digərləri isə ardıcıllıqla bunlardır: Ənvər Allahverdiyev, Ənvər Aşırov, Məhəmməd Nəbizadə, İlyas Əliyev, Əbdürrəhman Nəbiyev və Elizbər Abdullayev.

 

 

 Bu şəkil də XX əsrin 50-ci illərinə aiddir.

 

 

XX əsrin 50-ci illəri. Şəkildə soldan: Məhəmməd Nəbizadə, Şamil Quliyev və İlyas Əliyev.

 

 

Şəkildə soldan:

Məhəmməd Nəbizadə, Alı Orduxanov və Allahyar Aşırov.

25 may 1972-ci il.

 

 

        1955-ci ildə çəkilmiş bu fotoşəkili mənə Əlləz Məmmədov təqdim edim. Şəkildə ortada həmin vaxt Darvaz orta məktəbinin direktoru olmuş Muradov Mədəd müəllimdir.  Digərləri isə - ön sırada soldan Meydan Mədəd oğlu Məmmədov, Əlləz Novruz oğlu Məmmədov (1-ci sinfə gedərkən) və Murtuz Novruz oğlu Məmmədov, arxada: Namaz Xələf oğlu Hacıyev və Hüseynəli Nəbi oğlu Hacıyev.

   


[1] Ə.Paşayev, N.Bayramov və G.Qocayeva-Məmmədova. “Grcüstanda Azərbaycan məktəbləri”, Tbilisi, 2012, səh. 186

[2] N.Bayramov. “Gürcüstanda Azərbaycan məktəblərinin tarixi (1921-1940-cı illər)”. Tbilisi, 2009, səh. 8

[3] N.Bayramov. “Gürcüstanda Azərbaycan məktəblərinin tarixi (1921-1940-cı illər)”, Tbilisi, 2009, səh.74

[4] “Zarya Vostoka” qəzeti, 1931, 11 mart, №83

[5] N.Bayramov. “Gürcüstanda Azərbaycan məktəblərinin tarixi (1921-1940-cı illər)”. Tbilisi, 2009, səh. 88

[6] N.Bayramov. “Gürcüstanda Azərbaycan məktəblərinin tarixi (1921-1940-cı illər)”. Tbilisi, 2009, səh. 92, 98

 

 

 

Müəllif: Musa Nəbioğlu (Musa Nəbi oğlu Çobanov). Darvaz.     Bakı, “Bakı Mətbəəsi” ASC, 2023. 520 səh.

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina