"Era Teatrı"nın noyabrın 7-də Tbilisi şəhərində yerləşən Kamera Teatrında yeni tamaşası olan "Zoopark Əhvalatı" tamaşasının premyerası nümayiş olundu. Bu əsər, məşhur yazıçısı Edvard Albinin eyni adlı pyesi əsasında hazırlanıb. Pyesin Azərbaycan dilinə tərcüməçisi və tamaşanın quruluşçu rejissoru isə gənc və istedadlı rejissor, eloğlumuz darvazlı Anar Rafiqoğludur. Baş rolları gənc aktyorlar İdris Elnuroğlu və Elnur Vəlizadə ifa ediblər.
Tamaşanın təqdimatı, Tbilisinin teatr səhnəsində mühüm incəsənət hadisələrindən biri olaraq qeyd olundu. "Era Teatrı"nın bu yeni tamaşası, teatrsevərlərin marağını cəlb etdi və böyük rəğbətlə qarşılandı. Tamaşanın biletləri satışa çıxarıldıqdan qısa müddət sonra tamamilə tükəndi, bu da göstərir ki, Tbilisi teatrı artıq yeni layihələrə yüksək tələbatla yanaşır. Göstərilən yüksək marağın nəticəsi olaraq teatrsevərlər üçün "Zoopark Əhvalatı" tamaşasının eyni səhnədə 11 noyabr tarixində təkrar nümayişi keçirildi.
"Era Teatrı" Anar Rafiqoğlunun rəhbərliyində son bir neçə ildə müxtəlif janrlarda yüksək səviyyəli teatr tamaşaları ilə Gürcüstanda özünü tanıdıb. Darvazlı gənc rejissorun sənət yolunda qarşılaşdığı çətinlikləri, gələcək planlarını, Gürcüstanda teatra olan diqqət və qayğını öyrənmək üçün Anar Rafiqoğlu ilə həmsöhbət olmaq qərarına gəldik.
Müsahibəni sizə təqdim edirik:
- "Zoopark əhvalatı" tamaşasını izləyicilər necə qarşıladı?
Öncəliklə, bu müsahibə üçün təşəkkür edirəm. Tamaşamızın müsbət qarşılandığını deyə bilərəm. Tamaşaçılar yalnız aktyorların ifasını deyil, həm də əsərin mövzusunun dərinliyini yüksək qiymətləndirdilər. Reaksiyalar bizə göstərdi ki, tamaşa həm düşündürdü, həm də hisslərə təsir etdi. Tamaşaçılar arasında əsərin qəhrəmanları ilə özlərini müqayisə edənlər oldu, bu da mənim üçün çox dəyərlidir. Bu, o deməkdir ki, tamaşa öz missiyasını yerinə yetirib.
Niyə məhz "Zoopark əhvalatı" əsərini tamaşaya çevirdiniz? Tamaşa cəmiyyətə hansı mesajları ötürür?
"Zoopark əhvalatı"nı seçməyimizdə xüsusi bir səbəb yoxdur. Əsəri oxudum, bəyəndim, tərcümə etdim və qərar verdim ki, bunu səhnələşdirmək olar. Edvard Albi əsərlərində insanın daxili dünyasını və problemlərini çox mükəmməl şəkildə işıqlandırır. Əsəri seçməkdə əsas məqsədim onun aktual problemlərə toxunması idi. Tənhalıq, insanlararası ünsiyyətin çətinliyi və sosial bərabərsizlik kimi mövzular hər zaman cəmiyyətin gündəmindədir. Bu mövzular teatr vasitəsilə daha yaxşı hiss etdirilə və izləyicilərin öz həyatlarına başqa bir pəncərədən baxmasına imkan yarada bilər. "Zoopark əhvalatı" bu problemləri sadəcə göstərmir, həm də onları düşündürərək həlli yollarını axtarmağa çağırır.
- Tamaşanın quruluşu zamanı qarşılaşdığınız çətinliklər oldumu?
Hər tamaşanın səhnələşdirilməsi zamanı çətinliklər olur və bu normaldır. "Zoopark əhvalatı"nı hazırlayarkən texniki məsələlərlə yanaşı aktyorların xarakterlərə tam uyğunlaşması üzərində çox çalışdıq. Çətinliklər daha çox psixoloji dərinliyi olan personajların daxili aləmini tamaşaçıya çatdırmaqda idi. Amma bütün bu çətinliklər yaradıcılıq prosesinin bir hissəsidir və onları aşmaq rejissor olaraq mənim əsas vəzifəmdir.
- Tamaşanın aktyor heyəti, xüsusilə İdris Elnuroğlu və Elnur Vəlizadə ilə işləmək asandır? Rejissor-aktyor arasında fikir ayrılıqları olurmu?
İdris Elnuroğlu və Elnur Vəlizadə kimi istedadlı aktyorlarla işləmək böyük bir şansdır. Onlar yalnız ifa bacarıqları ilə deyil, həm də komanda işinə olan sədaqətləri ilə seçilirlər. Əlbəttə, bəzən fikir ayrılıqları olur. Amma bu, teatrın təbiətində var. Çünki müxtəlif baxışlar yaradıcılıq prosesini zənginləşdirir. Mənim üçün önəmli olan bu fikir ayrılıqlarını qarşılıqlı hörmət çərçivəsində müzakirə etmək və ən doğru yolu tapmaqdır.
- Tamaşanın səhnələşdirilməsi zamanı sizin üçün ən vacib amil nədir: yaradıcılıq, komanda işi, yoxsa tamaşaçının reaksiyası?
Bunların hamısı bir-birini tamamlayan amillərdir. Yaradıcılıq və komanda işi keyfiyyətli olduqda tamaşaçının reaksiyası da müsbət olur. Amma şəxsi yanaşmamı desəm, mən hər zaman ilk növbədə yaradıcılığı prioritet hesab edirəm. Çünki tamaşa bir sənət əsəridir və onun təsir gücü rejissorun və komandanın yaradıcılığından asılıdır.
- Hazırda yeni tamaşa səhnələşdirirsiniz? Növbəti tamaşanız hansı əsərdən olacaq?
Bəli, hazırda üç əsər üzərində iş gedir: mənim müəllifi olduğum "Qaranlıq xətt", Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir" və Viktor Hüqonun "Edama məhkumun son günü". Hər üç əsər fərqli üslubda və mövzuda olsa da, onları birləşdirən əsas cəhət insana və onun taleyinə fokuslanmasıdır. 2025-ci ildə tamaşaçılar bu əsərlərlə yanaşı, "Zoopark əhvalatı"nı da yenə repertuarda görə biləcəklər.
- "Era Teatrı"nın inkişafı üçün gələcəkdəki planlarınız haqqında nələr söyləyə bilərsiniz?
Gələcək planlarımız arasında teatrımızın adını beynəlxalq səviyyədə tanıtmaq əsas prioritetlərimizdən biridir. Bu məqsədlə beynəlxalq teatr festivallarında iştirak etməyi planlaşdırırıq, çünki biz inanırıq ki, teatrımız yalnız yerli səhnələrlə məhdudlaşmamalıdır. Festivallar bizə dünya teatr səhnəsinə çıxış imkanı yaradacaq, həm də digər teatr mədəniyyətlərindən öyrənmək və onları öz sənətimizə inteqrasiya etmək üçün yeni perspektivlər açacaq.
"Era Teatrı" olaraq, tamaşalarımızı daha geniş bir auditoriyaya çatdırmaq istəyirik. Hədəfimiz təkcə teatr sənətimizi bölüşmək deyil, həm də mədəniyyətlər arasında bir dialoq yaratmaqdır.
Həmçinin, gələcək planlarımızın ayrılmaz bir hissəsi gənc aktyorlar üçün ustad dərslərinin təşkilidir. Biz istəyirik ki, "Era Teatrı" yalnız tamaşa istehsal edən bir məkan deyil, həm də gənc istedadların inkişaf edə biləcəyi bir platforma olsun. Bu dərslər gənc aktyorların peşəkar bacarıqlarını artırmaqla yanaşı, onları yeni teatr metodları ilə tanış edəcək və öz yaradıcı imkanlarını kəşf etməyə şərait yaradacaq.
- "Era Teatrı" digər teatr truppaları ilə əməkdaşlıq edirmi?
Hazırda heç bir teatrla rəsmi əməkdaşlıq etməsək də, ölkədə fəaliyyət göstərən bir çox teatrla əlaqələrimiz mövcuddur. Gələcəkdə həm yerli, həm də xarici teatrlarla birgə layihələr həyata keçirmək üçün açığıq.
- Gürcüstanda teatr sənətinə olan marağı və diqqəti necə qiymətləndirirsiniz?
Gürcüstanda teatr sənətinə maraq yüksəkdir. Ölkənin teatr tarixi zəngin və dərin köklərə malikdir. Lakin təəssüf ki, bu sahədə çalışan bir çox insan uyğun şərait və dəstək tapa bilmir. Dövlət teatrlarına qəbul prosesi çətindir və maaşlar çox azdır. Bu isə gənclərin teatr sənətinə marağını azaldır. Məhz bu səbəbdən, "Era Teatrı" olaraq alternativ bir platforma yaratmaq qərarına gəldik. Biz inanırıq ki, teatr yalnız dövlət müəssisələri ilə məhdudlaşmamalıdır. Özəl teatrlar, xüsusilə bizim kimi müstəqil yaradıcı kollektivlər, həm sənətin inkişafı, həm də gənc istedadların öz potensiallarını reallaşdırması üçün yeni imkanlar təqdim edir. Burada hər bir aktyor özünü azad hiss edə, öz ideyalarını həyata keçirə bilər.
Bizim əsas məqsədimiz teatrı hər kəs üçün əlçatan etmək və dövlət teatrlarının əhatə edə bilmədiyi sahələrdə mədəniyyət boşluğunu doldurmaqdır. "Era Teatrı" bu missiya ilə yaradıldı və bu yolda irəliləməyə davam edirik.
- Rejissor Anar Rafiqoğlu ilə işləmək çətin deyil ki?
Düşünürəm ki, çətin deyil. Mən aktyorluq keçmişi olan bir rejissoram. Bu səbəbdən həm aktyorları, həm də onların qarşılaşdığı çətinlikləri yaxşı başa düşürəm. Bu da mənə aktyorları daha yaxşı motivasiya etməyə və yaradıcı prosesdə empatiya qurmağa imkan verir. Əsas prinsipim aktyorlarıma sərbəstlik verməkdir. Onların özlərinə inamı olduqda performansları daha yaxşı olur.
Anar bəy, müsahibə üçün sizə təşəkkür edir, sənət yolunuzda uğurlar arzu edirəm. İnanıram ki, yaxın gələcəkdə sizin rəhbərliyinizlə “Era Teatrı” Gürcüstanda incəsənət məktəbinə, beynəlxalq teatr səhnələrində isə sənət ulduzuna çevriləcək.
Elşad ÇOBANLI