Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayaraq bu münasibətlə şənliklər keçirmiş və onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın – Yeni ilin gəlişini bayram şənlikləri ilə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi olaraq təqvimin ilk günü sayılır.
2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün, bayram ərəfəsi qeyri-iş günləri elan olunur.
Tarixi çox qədimlərə gedib çıxan (İslamdan əvvələ) Novruz bayramı Darvazda da hər il özünəməxsus şəkildə qeyd edilir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Borçalının ayrı-ayrı kəndlərində bu bayram, bütövlükdə mahiyyəti qorunub saxlanılmaqla, qeyd olunsa da, bəzi kiçik fərqlər, özünəməxsusluqlar da var. Borçalıda bayram günü əzəldən martın 21-i hesab olunur. Marneuli və ətraf kəndlərin sakinləri Novruz bayramının sabahı – martın 22-də niyyət etmək üçün rayonunun Candar kəndinə gedir, qoca Çinarın ətrafında yüzlərlə insan toplanır və niyyət etmək üçün qırmızı lent və ya kəlağayını ağacın budaqlarına bağlayırlar. Çinar ağacı ətrafına toplananların əksəriyyətini Marneuli sakinləri təşkil etsə də, həmçinin ətraf bölgələrdən, habelə paytaxt Tbilisidən də niyyət edib buraya gələnlər çox olur.
Onu da qeyd edək ki, Candar kəndindəki Çinara getmək İslam dini bayramları və ya ritualları ilə əlaqəli deyil, əfsanəyə görə buraya leylək uçar və Çinar ağacındakı yuvasına buğda qoyarsa, həmin il uğurlu olar.
Darvazda da Novruz bayramı ən əziz və müqəddəs bayram kimi qeyd olunur. Dörd çərşənbədən ilk ikisinə o qədər əhəmiyyət verilməsə də, üçüncü çərşənbə – “Yel çərşənbəsi” məxsusi qeyd olunardı əvvəllər. Həmin axşam hər evdə yağlı kömbə bişirilərdi. Buna “Küllü kömbə” deyərdilər və bişirməzdən öncə xəmirin arasına ya bir düymə, yaxud da metal qəpik qoyardılar. Kömbə bişdikdən sonra ailə üzvlərinin sayına uyğun olaraq (bu zaman evdə qonaq varsa, o da nəzərə alınar, eləcə də, bir pay evin-ocağın adına ayrılardı) bıçaqla kəsilib bərabər şəkildə bölünərdi. Düymə, yaxud qəpiyin kimin payına çıxması, həmin ilin onun üçün daha uğurlu olacağı, niyyətinin yerinə yetəcəyi anlamına gəlirdi. Bəzən də olurdu ki, kömbə kəsilərkən düymə, yaxud qəpik bıçağa tuş gəlirdi, yəni ayrıca kiminsə payına düşmürdü. Bu zaman deyərdilər ki, süfrə ruzili-bərəkətli olacaq.
Axır çərşənbə günündə insanlar eyni zamanda qəbir üstə çıxaraq dünyasını dəyişmiş əzizlərini yad edir, ruhlarına fatihə oxudurlar.
Axır çərşənbə gənc darvazlıların, xüsusən də ərgən oğlanlar və gənc qızların səbirsizliklə gözlədiyi gün sayılırdı. İndi deyəsən bu ənənə unudulub, amma əvvəllər axır çərşənbə günü Darvazda “Çilə” günü (Axır çərşənbəyə bəzən “Qızlar bayramı” da deyirdilər) kimi məşhur idi. Bir neçə həftə əvvəldən kənddə bilinərdi ki, bu il kimin evində “Çilə” yığılacaq. “Çilə” əsasən gənc qızların axır çərşənbə günü bir evə yığışaraq bayramı qeyd etməsidir. Bəzən olurdu ki, hansısa ailə əvvəlcədən niyyət edərək axır çərşənbədə evində “Çilə” yığırdı. Bəzənsə, kənddə bir məhəllənin qızları özləri həmin axşamı bir evə yığışardı. Təbii ki, şirniyyat süfrəsi açılır, qızlar az qala səhərə kimi deyib-gülüb şənlənirdilər. (İndi də görürsən ki, kimsə deyəndə ki, bu gecə səhərə kimi yatmamışam. Ona deyirlər ki, niyə yatmırdın, sən də çiləmi çıxarırdın?) Gecənin ən yaddaqalan, ən vacib hissəsi isə qızların ürəklərində niyyət tutub (təbii ki, bu da əsasən ailə qurmaqla bağlı olurdu) fal açmaları olurdu. Bunun üçün ertədən bulaqdan su gətirilərdi. Suyu adətən anasının ilki olan qız uşağı gətirməli idi, özü də bulağa gedib-gələrkən dinib-danışmamalı idi. Bu səbəbdən də həmin suya “Dinməz suyu” deyərdilər. Su gətirən qızı yolda danışdıran olmasın deyə, yanıyla başqa kimsə gədərdi.
Bəzən qızlar həmin axşamdan duzlu kömbə bişirib yeyirdilər ki, görsünlər ona yuxuda kim su verəcək.
Qızların “Çilə”yə yığıldığı nəinki evə, heç evin həndəvərinə də oğlanların yaxın düşməsinə imkan verməzdi ev yiyəsi. Oğlanlar sadəcə həmin evin yaxınlığında səhərəcən gözləyərdilər (təbii ki, əsasən sevdiyi qız həmin gün o evdə “Çilə”də olan oğlanlar).
Həmin “Dinməz suyu” ilə qızlar fal açardılar. Bu zaman ürəyində niyyət tutan qızlar həmin su ilə dolu qaba üzüklər salar, üzünə örpək örtülmüş bir qız (kimin hansı üzüyü atdığını görməsin deyə) isə hər dəfə bir bayatı (bayatını sıra ilə bütün qızlar da deyirdilər) deməklə, əlini suya salıb üzükləri bir-bir çıxarardı. Kimin üzüyünün tez çıxması niyyətin hasil olacağına işarə kimi başa düşülərdi. Həmin su ilə həyata keçirilən digər bir fal isə ucuna pambıq keçirilmiş tikiş iynələrinin suya salınması və iki iynənin suyun üzərində üzərək bir-birinə yaxınlaşıb-yaxınlaşmamasının müşahidə edilməsi idi.
Yaxşı xatırlayıram, ötən əsrin 60-70-ci illərində oğlanlar həmin gecəni küçələrdə gəzib şuluq salmasın deyə, məktəbin müəllimlərindən bir qrupu gecəni kəndin arasında gəzib (əsasən “Çilə” yığılan məhəllələrdə) nəzarət edərdilər.
Axır çərşənbənin bir özəlliyi də həmin axşam “Qulaq falı”na çıxılması – qapı pusmaq idi. Bu zaman qapını pusan adam (adətən qızlar, cavan gəlinlər) ürəyində bir niyyət tutub, qonşuların qapsını pusar, içəridən eşitdiyi sözlə öz niyyəti arasında bir bağlılıq arayardı.
Bayram tonqalları qalamaq isə həmin günlərin ən vacib atributu kimi bu gün də davam edir.
Bayram günlərində küsülülər barışar, qohum-əqrəba əlipaylı bir-birinin evinə gedər, nişanlı qızlara bayram sovqatı aparılardı.
Bütün Borçalıda olduğu kimi, Darvazda da əsas bayram günü martın 21-i sayılıb həmişə. Bu da onunla bağlı olub ki, məhz ayın 20-dən 21-nə keçən gecə il təzələnir. Bununla bağlı uşaq vaxtlarımda böyüklərdən eşitidyim bir deyim yadıma düşür. Belə ki, leyləyin gəlməsi yeni ilin ilk müjdəçisi hesab olunardı. Deyərdilər ki, leylək martın 8-nə gəlməz, 9-na qalmaz (köhnə təqvimlə, müasir təqvimlə isə 20-i və 21-i nəzərdə tutulurdu). Və martın 21-də hamını maraqlandıran ilk sual bu olardı ki, görəsən, leylək ağzında nə gətirib? Sünbül gətirməsi həmin il məhsulun bol olacağına işarə kimi qəbul olunurdu.
Mənbə: Musa Nəbioğlu. Darvaz. “Bakı Mətbəəsi ASC”, Bakı, 2023. səhifə 78.