Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

YOLUNU GÖZLƏYƏN ÇOXDUR, RƏŞİD HACILAR!

 

Adətən deyirlər ki, şair yazdığı şeirlərlə tanınar. Bu, həqiqətən belədir. Bəribaşdan deyim ki, oxucuların ixtiyarına verdiyimiz bu kitabın  müəllifini ədəbi ictimaiyyət arasında daha da yaxından tanıdacağına inanıram. Bununla belə, onun keçdiyi ömür yoluna qısa bir nəzər salmaqda da bir fayda var deyə, düşünürəm. 

Rəşid Hacılar – Rəşid Muxtar oğlu Hacıyev 1953-cü il fevral ayının 20-də Borçalının ağır ellərindən olan Darvaz kəndində anadan olub. 1970-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olub. 1971-1973-cü illərdə həqiqi hərbi xidmətdə olub. 1981-2008-ci illərdə Bakıda daxili işlər orqanlarında  müxtəlif məsul vəzifələrdə çalışıb.

O, Birinci Qarabağ müharibəsi iştirakçısı, Daxili İşlər Nazirliyi Müharibə Veteranları Birliyinin üzvüdür. 1992-ci ilin avqust-sentyabr aylarında Qubadlı-Laçın bölgəsində Muradxanlı, Türklər, Səfiyan, Güləbird kəndləri, 1993-cü ilin aprel-may aylarında isə Tərtərin Qapanlı kəndi uğrunda gedən döyüşlərdə, eləcə də, Ağdamın Abdal-Gülablı, Şelli, Mərzili kəndləri və Fərrux dağı uğrunda gedən döyüşlərdə iştirak edib. Laçın rayonunun Səfiyan kəndində gedən döyüşlərdə yaralansa da, erməni işğalçılarına qarşı vuruşmaqda davam edib.

Rəşid Hacılar səmimi dost, ləyaqətli insan, el-oba sevdalısı olan dəyərli eloğlu, üç övladın qayğıkeş atası, yeddi nəvənin sevimli babasıdır. 

Rəşid Hacılar mənim eloğlum olmaqla yanaşı, həm də yaxın dostumdur. Kiçik qardaşı, bu gün Darvaz orta məktəbində pedaqoji fəaliyyətini davam etdirən Xanlar müəllimlə aramızda olan dostluq münasibəti bizi həm də ailəlikcə yaxın edib: böyük qardaşı Qulu ilə olduğu kimi, Rəşidin özüylə də aramızda bir doğmalıq yaranıb. Bu qardaşların hamısını özümə qardaş saymış, analarına ana demişəm.

Rəşid Hacılar həm də uzun illərdir bədii yaradıcılıqla məşğul olur, şairdir. Şeirləri dövri mətbuatda, müxtəlif poeziya almanaxlarında vəədəbi-bədii jurnallarda dərc olunur. “Bir ev gözləyir bizi” adlı şeirlər kitabı mənim redaktorluğumla 2005-ci ildə işıq üzü görüb. 

Adətən yaxşı adamlar haqqında deyildiyi kimi, xeyir-şər adamıdır, elin sevincinə sevinc qatmağı bacaran, kədərini bölüşən dəyərli eloğludur. Sirr deyil ki, elin hörmətini və məhəbbətini qazanmayan bir adamı nə özünün yazdığı, nə də haqqında yazılan qalın-qalın kitablar yaşada bilməz. Bu mənada Rəşidi ikiqat xoşbəxtlərdən  saya bilərik: bəxtinə düşən el-oba sevgisi boldur, yazıb-yaratdıqları insanların mənəvi dünyasını zənginləşdirir, ruha qida verir.

Rəşid Hacılar həyatda olduğu kimi, bədii yaradıcılığında da səmimidir. Bədii sözün məsuliyyətini bildiyi kimi, onun qüdrətini, nəyə qadir olduğunu da yaxşı bilir. Ona görə də, çalışır ki, Xalq şairi Məmməd Araz demiş, “ömür karvanının sənət yükünə bir-iki qeyrətli söz” də o yükləsin.  

Rəşidin müraciət etdiyi mövzular da həyatımızın özü kimi müxtəlif və rəngarəngdir. Yaradıcılığının ana xəttini Vətən sevgisi, elə-oba məhəbbəti, ana yurdun hər qarışı cənnət olan əsrarəngiz təbiəti təşkil edir. Bəşər yaranandan bütün şairlərin əbədi mövzusu olan məhəbbət, dünya, həyat və insan taleyi kimi mövzularda da uğurlu şeirləri var.

Türk dünyasının böyük söz fatehi, Xalq şairi Zəlimxan Yaqub deyirdi: “Bütün dünyanın ən böyük şairlərinin anasıdır, EŞQ! Şərq, Türk dünyası elə EŞQ deməkdir”.

Rəşid Hacıları şair edən, ürəyindən keçənləri, yaşadığı duyğuları, hissləri bədii sözün qüdrətinə sığınaraq ağ kağıza köçürməyə vadar edən də elə bu EŞQdir!

Təpədən dırnağadək təbiət vurğunu olan Zəlimxan Yaqub təbiət mövzusundan söz düşəndə deyirdi: “Mən təbiətdən cəmiyyətə doğru gəlmişəm. Təbiətdə nə varsa, hamısı şeiriyyətdir, gərək duyasan, dilini biləsən, oxuyub yazıya çevirməyi bacarasan.  

İnsan təbiəti görəndə rəhmə gəlir, yumşalır, durulaşır, dedi-qodulardan uzaqlaşır. “Dünyanı gözəllik xilas edəcək!”  fəlsəfəsi də elə budur”.

Rəşid Hacılar da cəmiyyətə, şəhər mühitinə təbiətin qoynundan gələn şairlərdəndir.  Buna görədir ki, onun   hər şeirindən  biz təbətin ətrini duyuruq.

Şəhər mühiti könlünü sıxanda təbiətin qoynuna can atır, “buludların göy səmanı sildiyi”, “gözəllərin bulaqlara gəldiyi” yerlərə getmək, heç olmasa, bircə gün də olsa gəncliyə qayıdaraq “quşların cəh-cəh səsində bihuş olmaq”, “quşqonmaz qayalarla görüşmək”  istəyir və buna görə də gənclik dostlarına xitab edərək deyir ki: 

 

Bircə günlük bu şəhərdən,

Nə olar, qoparın məni.

Arzuların qanadında

Dağlara aparın məni.

 

Rəşid Hacılar bütün canı-qanıyla Borçalıya, doğma Darvaza bağlıdır. Universiteti bitirdikdən sonra işi iləəlaqədar Bakıda yaşamalı olsa da, heç zaman doğma yurdu, ata ocağını unutmayıb, hər kiçik fürsətdən istifadə edərək Borçalıya üz tutub. Dünyanın ən yaxşı məkanlarında istirahət etmək imkanı olsa da, məzuniyyətini həmişə Darvazda keçirib. Onun Vətənə, elə-obaya bağlılığı yaradıcılığında da özünü göstərir. Borçalını, Darvazı, bu yerlərin əsrarəngiz təbiətini, müdrik ağsaqqallarını və ağzı xeyir-dualı ağbirçəklərini tərənnüm etməkdən doymur. Onun qələmi, poeziyası öz gücünü doğma yurddan, el-obadan alır.

Onun şeirlərini oxuyarkən Darvazın az qala hər dağı-daşı, qayası, yaylaq yerləri, meşələri, çəhlimləri, gədikləri, suyu dişgöynədən, “sevənlərin görüş yeri” olan bulaqları gözlərimiz önündə canlanır. Darvazın yer-yurd adlarını nəzmə çəkməsi isə gözəl poeziya nümunəsi olmaqla yanaşı, həm də toponimlərimizi yaddaşlarda təzələməsi, yeniyetmə və gənclərdə doğma yurda bağlılığın aşılanması baxımından əhəmiyyətlidir.

Harada olsa, daim Darvaza can atır. Rusiyanın Tümen şəhərində xəstəxanada yatarkən də Darvazı arzulayıb, “Məni Darvaza çatdırın”, – deyib:

 

Mənzil uzaq, həsrət ağır,

Yollara od-alov yağır.

Rəşid Vətən arzulayır,

Məni Darvaza çatdırın.

 

XX əsrin sonlarından başlayaraq xalqımızın başına gətirilən faciələr, erməni separatçılarının torpaqlarımızı işğal etmək cəhdi, Qarabağ və onun ətrafındakı şəhər və kəndlərimizin viran qoyulması bir şair kimi onun da qəlbini göynədir. Şəhidlərimizin nakam taleyinə acıyır. Xocalı faciəsinə biganə qala bilməyən şair o dəətli günləri ürəkağrısı ilə qələmə alır. Bəşər tarixində belə amansız qətliamın olmadığını vurğulayır, bununla belə, xalqımızın mübariz ruhuna güvənir və inanır müzəffər Azərbaycan Ordusu nə vaxtsa öz sözünü deyəcək, düşmən törətdiyi vəhşiliklərə görə cavab verməli olacaq:

 

Axı, yerdə qalammaz

Körpə, uşaq ahları.

 

Zaman  şairin bu inamında haqlı olduğunu sübut etdi. Şanlı Ordumuzu düşməni torpaqlarımızdan tamamilə təmizlədi, Qarabağ və Şərqi Zəngəzurda yenidən həyat canlandı, quruculuq işləri başlandı. Qələbə sevincindən vəcdə gələn şair Rəşid Hacıların qələmindən də xalqımızın bu böyük zəfərini tərənnüm edən misralar süzülməyə başladı:

 

Gözün aydın, AZƏRBAYCAN,

Xoş avazın dillərdədir,

Xalqımızın gələcəyi,

Etibarlı əllərdədir.

 

Uzun illər daxili işlər orqanlarında çalışıb. Amma hələ sovet hakimiyyəti illərindən insanlarda formalaşmış polisin zəhmli, zabitəli obrazından  uzaq yad olub. Ona müraciət edən hər kəsi özünün doğması kimi qəbul edib, dərdini dinləyib, əlindən gələn köməyi əsirgəməyib. Həmişə Haqqın və haqlının yanında olub. “Yaşamışam kişi kimi” şeirində də dediyi kimi, “kasıba lağ eyləyəni, dosta yalan söyləyəni, ağa qaradır deyəni” hər zaman nifrətlə qarşılayıb. Nə var-dövlətin, nə ucuz şöhrətin qarşısında əyilməyib. Arxada qoyduğu illəri elə yaşayıb ki, bu gün qürurla deyə bilir:

 

Yaşamışam kişi kimi,

Heç kəsə baş əyməmişəm.

 

“Cəmiyyət öz daxili dünyasında yatır, amma yuxusunu şairlər görür, yozur.” (N.F.Qısakürək) Bu mənada, Rəşid Hacılar da dünyaya öz pəncərəsindən baxan, dünyanın yuxusunu yozmağı bacaran şairdir:

 

Bu dünya ümman kimidir,

Hərənin bir qayığı var.

İnsanlar da cürbəcürdür,

Mürgülüsü, ayığı var.

 

Rəşid Hacılar şeirlərinin birində yazır ki:

 

Bir izim qalmasa, gələn nəsillər

Mənim olduğumu nə biləcəklər.

 

Əlbəttə, bu, bir şair təvazökarlığıdır. Çünki  həyatda izinin də sözünün də qalacağına doğmaları, dostları və sadiq oxucuları kimi, onun özü dəəmindir. Əmindir ki, nəsil şəcərəsinin davamçıları kimi övladları, nəvələri ilə yanaşı, onu həm də yazdığı əsərləri yaşadacaq. 

Ömür-gün yoldaşı Gülnarə xanımı vaxtsız itirməsi Rəşidi çox sarsıtdı və bunu biz onun yaradıcılığında da görürük. Bu mövzuda yazdığı bir şeridə belə deyir:

 

Dünya etibarsız, həyat fanidir,

Bilməzdim bu qədər qəddar üzü var.

Bir gün köçəcəyəm sənin yanına,

Gələcəm, əzizim, geci-tezi var.

 

Görünür kitabın adını da təsadüfən seçməyib: “Yolumu gözləyən var!”  Burda Rəşid Hacılar nəyi nəzərdə tutur, öz işidir. Amma mən isə deyirəm: doğrudan da, yolunu gözləyən çoxdur, Rəşid Hacılar! Neçə-neçə nəvə toyu, el-oba şənliyi, Darvazın sərin meşələri, göy yaylaqları, vəsf etməkdən doymadığın bulaqları yolunu gözləyir. “Ortabulaq”dakı “Güllü bulağı”ndan bir az yuxarıda – “Qaraarxac”da 60 ildən çoxdur çağlayan, hər il yayda yaylağa çıxan darvazlıların yolunu gözləyən bir bulaq da var. O bulağın da suyundan içib oxucularınızı yeni kitablarla sevindirməyinizi arzu edir və ürək sözlərimi C.Ruminin müdrik kəlamı ilə tamamlayıram: “Nə qədər ki, sağlam və qüvvətlisən, işlə. İşindən qalma vəəgər sənə xoşbəxt tale yazılıbsa, o səni tapacaq”.

 

Musa NƏBİOĞLU

Əməkdar mədəniyyət işçisi

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina